Tarix

Bakı şəhərində və Abşeron yarımadasında insanlar çox qədim zamanlardan məskunlaşmış və burada yaşayış məntəqələri yaratmışlar. Buna səbəb Bakı şəhərinin fiziki-coğrafi şəraiti şimaldan-cənuba, qərbdən-şərqə gedən miqrasiya və ticarət yollarının kəsişməsi mərkəzində yerləşməsi (“Ipək Yolu”), iqlim şəraiti və ən qədim zamanlardan yer üzünə çıxan nafta adlanan yanacaq və enerji sərvəti olmuşdur.

Bakının tarixini qısaca aşağıdakı kimi özətləyə bilərik. Qədim yazılı mənbələrdə adı möcüzəli şəhər kimi anılan Bakının çox qədim tarixi var. Uzaq tarixdə bu yerlərə yolu düşən səyyahlar dönə-dönə Abşeronun “alov dilimləri” haqqında heyrətlə yazırdılar. Bakı haqqında ilk dəfə eramızdan 3500 il əvvəl birinci Misir Fironu Menesanın dövründə “Ölülər Kitabında” qeyd edilmişdir. Bakının qədim şəhər olmasını Abşeronda və Qobustanda 12 min il tarixi olan daş üzərində yazılar, arxeoloji tapıntılar sübuta yetirir. Həmçinin, Bakının yaxın etrafı olan Zığ gölü, Şüvəlan, Mərdəkan, Binəqədi, Əmircan  yaşayış məntəqələrində  e.ə. III-I minilliklərə aid arxeoloji abidələr tapılmışdır. Eramızdan əvvəl I əsrdə Roma imperatoru Pompeyin və Lukullun Zaqafqaziyanın işğalı məqsədilə Bakının ətrafında (40 km cənub istiqamətində) saldıqları hərbi düşərgələr barəsində Avqust Qay Oktavi tərəfindən yazılmış daş yazı buna əyani misaldır.

V-VI əsr mənbələrində Bakı “Bağavan” və “Atəş-i Baquan”, ərəb mənbələrində (X əsr) “Bakuyə”, “Bakuh”, “Baku”, rus mənbələrində (XV əsr) “Baka”, Səfəvilər dövrü farsdilli mənbələrdə “Badi kubə” adlandırılır.

Bakının ətrafındakı yaşayış yerlərinin də maraqlı keçmişləri var. Məsələn, Maştağa Bakının ən böyük kəndidir. Bu kəndin adı vaxtilə burada məskən salmış massaget tayfasının adı ilə bağlıdır. Türkan kəndinin tarixi isə  türkmən tayfaları Xəzər dənizinin cənub və şimal sahilləri ilə irəliləyərək Xəzərin qərb sahillərinə və Azərbaycana yayılması ilə bağlıdır və kəndin adı görünür daimi məskən salaraq bu yerlərdə yaşamış türk əsilli tayfalarin adı ilə bağlıdır.

Tarixən Bakı Şərqin iri şəhərlərindən olub. Ərəb səyyahı Əbu Düləfin (X əsr) məlumatına görə, Bakıdakı iki neft yatağından ildə təqribən 720 min dirhəm gəlir əldə edilirmiş. Feodal münasibətlərin, ticarətin və sənətkarlığın inkişafı şəhərin çiçəklənməsinə şərait yaradıb. Beynəlxalq ticarətin yolayrıcında yerləşən Bakı Şərq və Qərb ölkələri arasındakı ticarət əlaqələrində mühüm rol oynayıb.

Bakı 10-cu əsrdən liman şəhəri kimi məşhur olur. 11-ci əsrin sonu-13-cü əsrin əvvəllərində Bakı tərəqqi dövrü keçirirdi. 1191-ci ildə Qızıl Arslan Şamaxını tutduqda Şirvanşahlar  müvəqqəti olaraq paytaxtı Bakıya köçürmüşdü. Şirvanşahlar şəhərin möhkəmləndirilməsinə xüsusi diqqət verirdilər. 12-ci əsrdə Bakı ikicərgəli qala divarı və xəndəklə əhatə olundu. Qız Qalası da şəhərin müdafiə sisteminə daxil idi. Şirvanşahlar Xəzər dənizində güclü donanma yaratdılar.

 XIV əsrin 2-ci yarısında Bakının iqtisadi və siyasi rolunun artması ilə əlaqədar olaraq Xəzər dənizi bəzən Bakı dənizi də adlandırılırdı (bu, 1375-ci ildə katalan dilində hazırlanmış atlasda göstərilir). Bakıda indiyədək qalan tarixi-memarlıq abidələri – Buxara karvansarası (XIV əsr), Qız Qalası yaxınlığında Multani (hind) karvansarası (XV-XVI əsrlər) və s. Şərq ölkələri ilə geniş ticarət əlaqələrinin mövcudluğundan xəbər verir.

Şirvanşah  Xəlilullahın dövründə (1417-62) Bakıda mühüm tikinti işləri aparıldı. Şirvanşahlar sarayı kompleksi də bu dövrdə tikilmişdir.

1501-ci ildə Şah İsmayıl Şirvana hücum edərək Bakını alır və Səfəvi hökmdarı I Təhmasib 1538-ci ildə Bakının da daxil olduğu Şirvanı Səfəvilər dövlətinə birləşdirdi və uzun müddət iki türk dövlətinin Səfəvi və Osmanlının rəqabəti başlayır. Mərkəzi hakimiyyətin qüvvətlənməsi XVII əsrin 40-cı illərində şəhərin yüksəlişinə təkan verir. Səfəvilər dövründə Bakıda mis pullar buraxılırdı. Bakı və Abşeron əhalisinin xeyli hissəsi xalçaçılıqla məşğul olurdu. XVI-XVIII əsrlərdə sənətkarlıq, xüsusilə xalçaçılıq daha da inkişaf etdi. Bakıda toxuculuq da mühüm yer tuturdu.

1846-cı ildə ilk dəfə neft quyusunu mexaniki üsulla  Bakı ətrafindakı Bibi-Heybət yaşayış məntəqəsində qazıldı. Qısa müddət ərzində xarici investorların Bakıya axını müşahidə olunmağa başlandı. Onların arasında məşhur Nobel qardaşlarını da qryd etmək olar. 20-ci əsrin əvvəllərində Dünya istehsalının demək olar ki, yarısı Bakıda hasil edilirdi.

1918-ci il sentyabrın 15-də Azərbaycan Demokratik Respublikasının milli ordusunun və Nuru Paşanın başçılıq etdiyi Osmanlı Türk İslam Ordusunun hissələri Bakını bolşevik, erməni-daşnak və ingilis hərbi dəstələrindən azad edir və Bakı  Türk və İslam dünyasında ilk demokratik dövlət olan Azərbaycan Demokratik Respublikasının paytaxtı olur. 11-ci Qızıl Ordu 1920-ci il aprelin 28-i Bakını işğal edir və Bakı Azərbaycan Sovet Sosialist Respublikasının paytaxtı olur.

 Sovet dönəmində Bakı önəmli şəhərlərdən biri olur, xüsusi ilə ikinci Dünya müharibəsində ordunun yanacaqla təmin olunmasında şəhərin böyük rolu olur və qələbədə xüsusi pay sahibidir.

Azərbaycanın yenidən 1991-ci il oktyabrın 18-də müstəqilliyini elan etməklə Bakı müstəqil dövlətin paytaxtı olur.

Müasir Bakı özündə tarixin müxtəlif dönəmlərinin özəlliklərini saxlamaqla yüksək surətlə dəyişən bir paytaxdır.