Müsahibələr
Sergey KARYAKİN: “Artıq geriyə yol yoxdur”

Bakıda keçirilən şahmat üzrə Dünya Kubokunun finalında mübarizə aparacaq Rusiya təmsilçisi Sergey Karyakin Dünya Kubokunun mətbuat xidmətinə açıqlama verib. Ukrayna əsilli şahmatçı yarımfinalda Pavel Elyanovu məğlub etməsindən danışıb: “Elyanovla mübarizəmiz üç gün davam etdi. Bəlkə də bir-birimizi yaxşı tanıdığımıza görə belə oldu. Amma tay-brekdə çətin anlar az olmadı. Müəyyən məqam var idi ki, rəqibim üstünlüyə malik idi. Həmin vaxt ümidimi itirmədim, sona qədər yarışdım. Layiqli qələbə qazanmaqla finala çıxdım. Artıq iddiaçılar turnirində iştirak edəcəyim dəqiqləşib. Lakin indi məni Dünya Kubokunu qazanmaq düşündürür”.

Karyakin finalda Rusiyanın digər təmsilçisi Pyotr Svidlerlə görüşünün asan olmayacağını da söyləyib: “Finalda mübarizə tam fərqli olur. Artıq geriyə yol yoxdur. Hər ikimiz finalda mübarizə aparırıq. Amma Dünya Kuboku ikimizdən birinin olmalıdır. Əsas məqam tələsməməkdir. Bir səhv duelin taleyini həll edə bilər. Bakıda yarışdığım günlərdə Moskvada olan həyat yoldaşım çıxışımı izləyir. İstərdim ki, onu turnirdə qələbə qazanmaqla sevindirim”.

Dünya Kubokunun finalçısı yarışın təşkilatçılığı barədə də fikirlərini bildirib: “Azərbaycanda məni təəccübləndirmək çox çətindir. Çünki, Bakıda və Şəmkirdə yarışlarda iştirak etmişəm. Lakin bu dəfə turnirin yerləşdiyi gözəl otelə valeh oldum. Bakı hər il dəyişir. Təşkilatçılıq barədə yalnız xoş sözlər deyə bilərəm. Artıq indidən söyləmək olar ki, gələn il baş tutacaq şahmat olimpiadası da şahmat tarixində ən yaxşı təşkilatçılıqla yadda qalacaq”.

Dünya Kubokunun mətbuat xidməti

2015-10-02